Zəfər gününə aid şeir 🇦🇿

Zəfər gününə aid şeir saytımızdasizlər üçün təqdim olunur. Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli olsa da, həmin tarixdə Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu və Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

AZƏRBAYCAN, GÖZÜN AYDIN


Müəllif: Rövşən Xasayoğlu

Səsimə səs verin dedim, Qarabağım əsarətdə,
Kar qulaqlar eşitmədi, kor vicdanlar xəyanətdə.
Sapı bizdən baltaların kəsiləndən əli-qolu,
Xalq güvəndi öz gücünə, işıqlandı haqqın yolu.

Güclərimiz birləşincə, Türkün gücü selə döndü,
Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü.
Döndüm artıq öz-özümə, boyun əydi xeyirə şər,
Türkün haqqı, ədaləti haqsızlığın önün kəsər.

“Zülüm çəkən” erməninin gerçək üzü çıxdı üzə,
Yalvarsa da, inanmayın dil çıxarır əfi, gürzə.
Boz qurdların qarşısında çaqqalların şansımı var?
Aslan kürkü geyən tülkü bil ki, yenə tülkü doğar.

Düşmən qaçır döyüşməyə, vuruşmağa cürəti yox,
Zəncirləyir əsgərini, zənciri var, qeyrəti yox.
Torpaq ona özgə, yaddır qəbul etməz varlığını,
İt aslanla döyüşməz ki, bağlasan da ayağını.

Bağla qaçan əsgərini, başqa yolun yoxdur sənin,
İgidlərim çoxdan biçib, bezdən hazırdır kəfənin.
Ya da gedin, qoy batmasın əlim kirli qanınıza,
Sizdə Vətən doyulan yer, əsirsiniz qarnınıza.

Gavurları Vətənimdən atdıq nəfəs aldı torpaq,
İllərdir ki, söyləyirik: “Ya şəhidlik, ya Qarabağ”.
Əsgərimin ayaq səsi duyulmaqda, Cıdır düzü,
Sağalacaq yaraların, silindi düşmənin izi.

BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN ŞEİRİ


Müəllif: Adilə Nəzər

Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!

Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!

Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin “qəlbişüşənin”,
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!

Tarix boyu sənə quyu qazdılar,
Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!

Qürurluydu bu Qarabağ səfəri…
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!

Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!

Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!

AZƏRBAYCAN ƏSGƏRi


Müəllif: İlham Musa oğlu.

Gülür torpaq, gülür dağ,
Gözəl diyar, gözəl çağ,
Azad oldu Qarabağ!
Aldıq bu xoş xəbəri!
Azərbaycan əsgəri!

Düşmənləri əzdilər,
Başlarını üzdülər,
Hər əzaba dözdülər,
Daha, dillər əzbəri!
Azərbaycan əsgəri!

Qarabağı aldılar,
Onlara halaldılar!
Cani-dildən çaldılar,
Qalibiyyət zəfəri!
Azərbaycan əsgəri!

Yandılar, sönmədilər,
Bu yoldan dönmədilər,
Əyilib, enmədilər,
Göstərdilər hünəri!
Azərbaycan əsgəri!

Erməni çökdü təmiz,
Həm şərəfsiz, həm qəliz,
Qalib gəldik, sonda biz,
Sevindirdi bəşəri!
Azərbaycan əsgəri!

Qorxu bilməz candılar,
Qəhrəman oğlandılar,
Hər hücumda, andılar,
Ulu Öndər Heydəri!
Azərbaycan əsgəri!

İrəliyə İlhamla!
Düzəldilər, nizamla.
Qaytardılar, inamla,
Hər bir kəndi, şəhəri,
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!

 AZƏRBAYCAN ORDUSU


Müəllif:Elvin Elxanoğlu

Güclülərin sırasında qərar tutub sənin adın,
Sən həmişə zəfərlərə çox inamla addımladın,
Dastanlara mövzu olub Mübarizin,həm Poladın,
Düşmənlərin ürəyinə salmısan ölüm qorxusu,
Allah sizləri qorusun Azərbaycan ordusu.

Hər şey vətən üçün olub ən əziz şüarın sənin,
Vətən sənə əmanətdir, keşiyindəsən Vətənin.
Qarabağda dastan yazan şəhidlərin,qazilərin,
Qarşısında baş əyirik, bax budur sözün doğrusu,
Allah sizləi qorusun Azərbaycan ordusu.

Artıq birdə Qarabağa düşmən əli yetməyəcək,
Xudayarın xoş avazı qulaqlardan getməyəcək,
Şəhidlərin qanı heç vaxt yerdə qalıb, itməyəcək,
Qarabağı azad etib yaşatdız zəfər duyğusu,
Allah sizləri qorusun Azərbaycan ordusu.

Biz Zəfər qazanmışıq!

Müəllif: Nicat İsmayılov (“Xəzər Tv”nin redaktoru) 

İgidlər öz qanıyla 
Yazdı Zəfər dastanı. 
30 il gözləmişdik, 
Bu tarixi, bu anı. 

 
Dəmir yumruq düşmənə, 
Öz yerini göstərdi. 
44 günlük döyüşlər, 
Tarixi bir Zəfərdi. 

 
Analar ağlamasın, 
Şəhidlər ölməzdilər. 
Düşmənlər öz xoşuyla, 
Yurdumdan getməzdilər. 

 
44 günə min ilin, 
Tarixini yazmışıq. 
Qarabağ Azərbaycandır, 
Biz Zəfər qazanmışıq. 

 
Polad iradəmiz var, 
Sınmarıq, əyilmərik. 
Bir ölüb, min dirilən 
İgid Mübarizlərik. 

Zəfər yolu

Müəllif: Asim Yadigar 

Soldurub baharını, gətirdik sərt qışını, 
Axıdıb bu yerlərdə düşmənin göz yaşını, 
Dəmir yumruqla əzdik onun murdar başını. 
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa! 

Saldığın Zəfər yolu tamaşadır, tamaşa, 
Bu yolu tutmalıyıq başdan-başa qumaşa. 
Bu yol ata arzusu – bu yol Öndər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Onun hər qarışına qarışıb şəhid qanı, 
Bu qanlarla qurtardıq qandan Azərbaycanı. 
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı. 
Bu yol qorxu bilməyən hünərvərlər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Bu yolda dəfn eylədim içimdəki qorxunu, 
Həqiqətə çevirdim əfsanəni, yuxunu, 
Sancdı düşmən köksünə igidlərim oxunu. 
Bu yol qəlbə rahatlıq gətirən nər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Yamyaşıl meşələrin nəğməsi necə şirin, 
Kölgəsi gün görməyir, kölgəsi necə sərin. 
Bu zümrüd meşələrin, bu dərin dərələrin 
Hər biri xoş müjdələr verən xəbər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Sıldırım qayaları öpürəm gözlərimlə, 
Oxşayıram hər izi, cığırı sözlərimlə, 
Öyünür, fəxr edirəm dağımla, düzlərimlə. 
Daha bu yol nə həsrət, nə də qəhər yoludur, 
Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur! 

Otuz illik həsrəti qırx dörd gündə dağıdan, 
Ey qəhrəman qazilər, sizə hər an can qurban. 
Bu yolda şəhidləri unutmadım bircə an. 
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları, 
Oxudum qayalarda siz yazan nağılları! 
Dağa qalxan maşınlar, sanki durna qatarı 
Qalxır Şuşaya sarı, qala-şəhər yoludur, 
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur! 

Ədalətinə şükür, ey qoca, gidi dünya, 
Mən Cıdır düzündəyəm – nə yuxudur, nə röya. 
Burdan – Cıdır düzündən səslənərək dünyaya 
Deyirəm: – Bu qələbə, zəfər, bu ər yoludur, 
Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur!

ZƏFƏR GÜNÜN MÜBARƏK, ANAM AZƏRBAYCANIM ŞEİRİ

Müəllif: Solmaz Şirin 

Zəfər günün mübarək, anam Azərbaycanım, 
Zəfər ünün mübarək, canım Azərbaycanım, 
Azad şənin mübarək, şanım Azərbaycanım! 
Sənə Zəfər yaraşır, uca zirvələrdə ol, 
Şan-şöhrətlə, qürurla qoca zirvələrdə ol! 

Zəfərlərin çox olmuş, otuz ildə bu təkdir, 
Qəzəblərdən, kinlərdən doğulmuş bir mələkdir, 
Düşmən istehkamını dağıdan bir fələkdir. 
Əhsən olsun yurdunun o mərd oğullarına, 
Canını qurban verən comərd oğullarına! 

Qan uddurdu düşmənə mübariz, sadiq Ordun, 
Toy-büsata büründü o əsir, məhbus yurdun, 
Qarşında düşmənlərin boynunu əydin, qırdın. 
Eşq olsun o mübariz, o yenilməz Orduna, 
Zəfər adı yaraşır o mübarək adına! 

Şəhidlərin qanıyla Zəfər sözün həkk etdi, 
Tarixin yaddaşına, dağa, daşa bərkitdi, 
Şəhadət körpüsüylə bu dünyanı tərk etdi. 
Şəhidlərin mərdliyi mərd başını ucaldır, 
Cənnətin quşlarıdır, məqamları ucadır!  

QƏLƏBƏ MÜJDƏSI ŞEİRİ


Müəllif: Rahil Məmməd

Gül, ey Azərbaycan, gözlərin aydın,
Əzildi zəhərli ilanın başı!
Analar, bacılar, ağı deməyin,
İndi qismətimiz sevinc göz yaşı!

Ey Şuşam, bir daha gözlərin aydın,
Sənə sahib çıxdı mərd oğulların.
Adını tarixə yazdı hünərlə,
Dosta dost, düşmənə sərt oğulların!

Gözəl Qarabağım, eynin açılsın,
Sən artıq deyilsən düşmən tapdağı.
İndi al qoynuna zirvələrində,
Ulduzlu, hilallı üçrəng bayrağı!

Haçandır qoynundan uzaq düşmüşdük,
Səninlə həsrətin otuzdur yaşı.
Hüsnünü görməyən fidan oğullar
Uğrunda qan tökür, şirtək savaşır!

Sən də dön – yurdundan perik düşənim,
Məhəbbət çiçəyim, xarıbülbülüm!
Hələ yaraları təzə olsa da,
Bir ağız oxusun barı bülbülüm!

Ali Baş Komandan, sən də var ol ki,
Qələbə sevinci yaşatdın bizə!
Hünər tariximə yazdın adını,
Sanki işıq verdin gözlərimizə!

Ruhunuz şad olsun, şəhid oğullar,
Dəniztək çağladı Vətən sevginiz!
Ölümün gözünə dik baxa-baxa
Şəhidlik zirvəsi fəth etdiniz siz!

Ey müzəffər ordum, eşq olsun sənə,
Sən öz savaşınla tarix yaratdın!
Verib türk oğluyla çiyin-çiyinə,
Qələbə eşqiylə murada çatdın!

DƏMİR YUMRUĞUM

Müəllif: Müzəffər Məzahim 

Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə, 

Qəhrəman xalqım ilə, şanlı, cəsur ordum ilə, 

Yanaşı cəng elədik cəbhədə boz qurdum ilə, 

Birləşən əllərimiz döndü dəmir yumruğuma. 

Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

Aslana tülkü açıb cəng, bu nə haqsız davadır? 

Otuz ildir dilənir, atdığı boş-boş havadır. 

Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır, 

Hikkəmiz, hiddətimız çöndü dəmir yumruğuma, 

Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

Hər qarış torpağa həkk oldu zəfər tarixmiz, 

Vətənə sevgi çələngiydi hünər tariximiz, 

Dirçəliş mənliyimizdir bu təpər tariximiz, 

Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma, 

Tanrının möcüzəsi endi dəmir yumruğuma. 

Ordumuz bəxş elədi xalqımıza şanlı şərəf, 

Aldıq öz haqqımızı, çüki bizik haqlı tərəf, 

Gücümüz, qeyrətimizlə elədik düşməni dəf 

Dünya heyrətlə baxır indi dəmir yumruğuma, 

Tanrının möcüzəsi endi dəmir yumruğuma.  

VƏTƏN, GÖZÜN AYDIN BIZ QAYITMIŞIQ ŞEİRİ


Müəllif: Ramiz Bahaduroğlu

Bu haqqın davası, haqqın savaşı,
Mayak tək parlayır Murovun başı,
Qartallar qıy vuran sıldırım daşı,
Hər qarış torpaqı Vətən sanmışıq,
Dağlar, gözün aydın biz qayıtmışıq.

Düşmənə əsir oldun-ötdü illər, fəsillər,
Qisas oduyla yandıq, ər böyüyən nəsillər,
Babəkin, Xətainin qılıncından güc əmər,
Ay, ulduz haşiyəli bayrağa sarılmışıq,
Torpaq, gözün aydın biz qayıtmışıq.

Oyan Xarı bülbül, oyan qərənfil,
Sil göz yaşını Bakı, Ərdəbil,
Ey babam Pənah xan, İbrahimxəlil
Basıb səngərləri dağlar aşmışıq,
Şuşam, gözün aydın biz qayıtmışıq.

Füzuli, Cəbrayıl, Laçın, Zəngilan,
Qubadlı, Kəlbəcər, Ağdamdır yanan,
Ey odlar diyarı, can Azərbaycan,
Hər dağa, har daşa bayraq sancmışıq,
Qarabağ, gözün aydın biz qayıtmışıq.

Qəlpə-qəlpə bölündün kağızdakı yazıyla,
«Gülüstanı» suvardıq « Kürəkçayın » suyuyla,
Ünvanını yazdılar min yozumlu adıyla,
Bütövləşib bir olduq cahana hay salmışıq,
Vətən, gözün aydın biz qayıtmışıq.

“Tarixi Zəfər!”

Müəllif: Cavanşir Atəşi 
 

Bu Zəfər türk əzmi, türk qərarlığı, 

Tarixin möhtəşəm qələbəsidir! 

Haqqın, ədalətin bərqərarlığı, 

Heydər arzusunun təntənəsidir! 

Zəfər – bayrağımız, bayraqdarımız, 

Zəfər – azad olan torpaqlarımız, 

Zəfər – baş tacımız, şah vüqarımız, 

Qəzəbin vulkantək püskürməsidir! 

Səbrin tükəndiyi sonuncu anda, 

Zəfər qazanmaqçün hərb meydanında, 

Böyüklü-kiçikli Vətən uğrunda 

Xalqın yumruq kimi birləşməsidir! 

Bu Zəfər bu gün də zaman, məkanın, 

Qisasın, qeyrətin, şərəfin, şanın, 

Ordusuyla Ali Baş Komandanın 

Şəri məğlub etmək nümunəsidir! 

Düşmən də tanındı, dost da tanındı, 

Etibar, sədaqət, inam sınandı, 

Sönmüş ocaqların çırağı yandı! 

Zəfər namərdlərə ibrət dərsidir! 

Zəfər and yerimiz – şəhid zirvəsi, 

Oyanmış ruhların coşan nərəsi, 

Göy Türk yürüşünün hayqıran səsi, 

Bu Zəfər Turanın bir müjdəsidir! 

QARABAĞ ARTIQ AZADDIR ŞEIRI


Müəllif: Elvin Elxanoğlu

Dalğalandı Qarabağda,bugün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq,axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi,dədə-baba torpağımız.
Canlarını fəda edən,şəhidlərin ruhu şaddır.
Xəbər olsun Mübarizə, Qarabağ artıq azaddır!

Məhv elədi düşmənləri,dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədir onlar bugün, şəhidlik ən uca addır,
Deyin Polad Həşimova, Qarabağ artıq azaddır!

Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandır,gerisi cəfəngiyatdır!
Səhidlərim, qazilərim, Qarabağ artıq azaddır!

ZƏFƏR NƏĞMƏLƏRİ YAZILIR İNDİ 

Cavanşir Atəşi : Təranə ARİFQIZI 
 

Tarix yazır kürsülərdə ağıllar, 
Tarix yazır səngərlərdə oğullar, 
Otuz ildir, bitdi daha nağıllar. 
Qəhrəmanlıq yola iz salır indi, 
Zəfər nəğmələri yazılır indi! 

Üçrəngli  bayrağım Xudafərində, 
Savaş gedir irəlidə, dərində, 
Oturtmuşuq düşməni öz yerində. 
İşğal zəncirləri çözülür indi 
Zəfər nəğmələri yazılır indi! 

Cəbrayılı, Füzulini almışıq, 
Zəngilanı ağ dəftərə salmışıq, 
Haqqımızdır!-deyib, yurda dolmuşuq 
Hər qarış qanınla yaz olur indi. 
Zəfər nəğmələri yazılır indi! 

Bax, açılır yurda gedən yolumuz, 
Naxçıvanı qucaqlayır qolumuz, 
Rahat yatsın məzarında ulumuz. 
İğidlər sipər tək, düzülür indi, 
Zəfər nəğmələri yazılır indi! 

Hər tərəfdən gəlir halal çörəklim, 
Döyüşdədir mənim cəsur ürəklim, 
Şəhidlərim- nurüzlüm, nər biləklim. 
Biri ölsə, mini dirilir indi, 
Zəfər nəğmələri yazılır indi! 

Yenidən doğulan yaşın mübarək! 
Azaddır torpağım, daşım, mübarək! 
Vətən, Zəfər Qayıdışın mübarək! 
Göz yaşım fəxrlə süzülür indi! 
Zəfər nəğmələri yazılır indi! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button