Qemli seir
Qəmli şeir axtarışında olanlar, saytımızda tapa bilər. Hüznlü olanlar üçün birdən çox şeirləri bir araya topladıq.
Hələ də sevirəm, sevirəm səni I Nüsrət Kəsəmənli
Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.
Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.
Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.
Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.
Musa Yaqub – Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm,
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Ari gül çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə öyrətmə məni!
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi,
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur!
Bir şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı,
Ayırmaq olmursa biri birindən
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə öyrətmə məni,
Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var,
Mənim dərdlərimin ayaqları var,
Harda olsa, gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə.
Gül sənin nəyinə gərəkdir, gülüm? I Zəlimxan Yaqub
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli…
Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm,
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir,
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər,
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər…
Sevgin varsa | Mədinə Gülgün
Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl…
Vaqif Bayatlı – Səni niyə belə sevdim?
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
Nüsrət Kəsəmənli – Getmək istəyirsən bəhanəsiz get
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.
Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət qara pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.
Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə…
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Qəmli
Mən soruşurlar qemlisen neden,
Gözlerim yaş ile yuyulur menim.
Bir defe ürekden gülmediyimden,
Keder gözlerimden duyulur menim
Sen hele balaca uşaqsan elbet,
Men seni yar bilib qelbime saldım.
Gözünde görmedim zerre mehebbet,
Donub bir anlığa yerimde qaldım.
Heç kim öz sevdiyin bele atmadı,
Sen getdin özünü apardın ancaq.
Gözüme baxmağa gücün çatmadı,
Gözûmden düşmeyi bacardın ancaq.
İllerle gözledim görüşe teki,
Gelmedin ömrümde sınam, eyilem.
Get, o sen, o küçe, o yol, o seki,
Dalınca boylansam iLQaR deyilem.
Qelbimde qalmadı bir hissiyyat da,
Bu günden bu eşqin menası yoxdu.
Menden yaxşıları çoxdu heyatda,
Çox güman senden de gözeli çoxdu.
Qaçıb qurtarmağa ümid yerim yox,
Dörd yandan hesretin mene tuş gelir.
Ne zaman göndersem senin dalınca,
Xeyalım qayıdıb eli boş gelir.
Bir anlıq unutmaq istedim seni,
Bilirdim alınan şey deyil ancaq.
Bir yaz yağışı tek geldin ve getdin
Ve ne men islandım, ne qara torpaq.
İndi o torpaqda biten her çiçek,
Mene senden deyir, senden danışır.
Özge birisiyle xoşbextsen demek,
Burdasa bir ürek yanır alışır.
Men sene can dedim, canımi aldın,
Ne olsun könlümü ala bilmedin.
Özge meni sevdi, sevirem dedi,
Sen özge qeder de ola bilmedin.
Çetin ki, bu sevgi yandığı qeder,
Senin üreyin de buz tuta bilsin.
Hirsimi çıxdığım divarlar qeder,
Daş deyil üreyim unuda bilsin.
Sevgi limanına aparan yollar,
Hele vermeyibdi bil ki, son qerar.
Seni ellerimden aparan yollar,
Ne vaxtsa geriye bir de qaytarar.
İlk defe seninle danışanda da,
Bilirdim bu sevgi baş tutan deyil.
Seni unutmağa çalışanda da,
Bilirdim üreyim unudan deyil.
Menim heyatıma ne üzle geldin?!
Mene bu zülmleri sen atmadınmi?!
Vaxtında sevmirem deye bilerdin,
Sonradan deyende utanmadınmı?!
Menim heyatıma ne üzle geldin?!
Bu seven qelbimi sen qırmadınmi?!
Menim xoş günlerimde deyib-gûlerdin,
Menim pis günümde sen atmadınmi?!
İndi unutmaqçün onu, özge bir yar tapmısan,
Bir defe çekdi başın iLQaR sene ar olmadı??????
Aqşin Yenisey – Şəkil
Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası…
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var,
arsız həyət tulası
Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq
Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan,
gözün elə məndədir
Həyata bax, necə gözəl yalandı
Gecə keçir,
ömür qalır,
gün gedir
O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən
Gecə hərdən hürür həyət tulası
– Ay it! Ay it!
Çımxırıram şəkilə
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəkilə çəkiləm?
Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq,
sol tərəfin uzaqlıq
Mən bilirəm,
şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq
Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti
Necə öpüm yanındakı uşağı
Necə qovum
o kişini, o iti
Necə qovum,
kişi bəlkə ərindir
Uşaq sizin,
it də evin tulası
Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.
Ramiz Rövşən – Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…
Nəbi Xəzri – Dəniz, göy, məhəbbət
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan…
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol…
Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim… bu, yadındadır,
gedərdik… yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?
Bəxtiyar Vahabzadə – Bir salama dəymədi
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.