Qarabaga aid seir🏔️🗻

Qarabaga aid seir toplusunu sizlər üçün təqdim edirik. Gözəl Qarabağımız artıq bizdədi. 30 illik həsrətə son qoyularaq ata yurdumuzu düşmən tapdağınan azad edə bildik. Adı kimi taleyi də qara olan Qarabağımızı artıq ağ gülər gözləyir. Biz, bu torpaqları abadlaşdıracayıq. Artıq Qarabağ deyildikdə məğlubiyyət, ağrı-acı ilə yanaşı qürür, qələbə, sevinc hisslərini də yaşayırıq.

QARABAĞA GEDİRƏM

Ağa SAVALAN

Bir əlimdə bayrağım, bir əlimdə silahım, 
Dilimdə yurd nəğməsi, başım üstə ? allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Qarabağa gedirəm!
O mənim sevdiyimdir, yanağında xalı var,
O  mənim dediyimdir, dodağında balı var,
O mənim gördüyümdür, min bir cürə halı var.
Yanğımı söndürməyə o bulağa gedirəm,
Qarabağa gedirəm!
Şuşadan at sallayıb düz Ağdama gələrdim,
Cıdırından baxanda Laçınımı görərdim,
Hər yan vətən torpağı, mən hər yana gedərdim,
O dövrana qayıdıb, mən o çağa gedirəm,
Qarabağa gedirəm!
O dağ mənim dağımdır, öz dağıma gedirəm,
O bağ mənim bağımdır, öz bağıma gedirəm.
Öz yurduma, yuvama, ocağıma gedirəm,
Mənə gəl-gəl söyləyən bir torpağa gedirəm,
Qarabağa gedirəm!
Ustad Arif, sənin də azalmasın həvəsin,
Yenə oxu avazla, yenə gəlsin qoy səsin.
Qarabağ torpağında “Qarabağ şikəstəsi”n,
Səsimin zil yerində oxumağa gedirəm,
Qarabağa gedirəm!
Qılıncım qından çıxıb, qanmazı qandırıram,
Düşməni şikəst edib, belini sındırıram.
Yurduma göz dikənin gözünü yandırıram,
Sən də gəl qoşul mənə, gəl, ay Ağa, gedirəm,
Qarabağa gedirəm!
Qarabağa gedirəm!

Azərbaycandır Qarabağ şeiri

Müəllif: Vahid Əziz

Doğmadır torpağı, daşı,
Türk övladı vətəndaşı,
ömrü-günü, can sirdaşı;
biri alov, biri ocaq –
Azərbaycandır Qarabağ!

Tanıyarlar boyumuzdan –
irsimizdən, soyumuzdan,
su içər öz quyumuzdan
biri gövdə, biri budaq –
Azərbaycandır Qarabağ!

Dünya-dünya olan gündən
varlığımız ona Vətən,
biri-ürək, biri-bədən;
hər ikisi Ulu torpaq –
Azərbaycandır Qarabağ!

Baba adı “Odlar Yurdu”,
keşikçisi igid Ordu,
biri-alov, biri ocaq –
bizimdir, bizim olacaq –
Azərbaycandır Qarabağ!

“Canlara candır Qarabağ” şeiri


Müəllif: Süleyman Rüstəm.

Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,

Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.

Dostlarından eşidirsən bu sözü nəğmə kimi –

«Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ».

Vaqifin, Natəvanın səndə ayaq izləri var,

Məncə şairlər üçün başqa cahandır Qarabağ!

Hər bahar fəsli bu könlümdə adın qönçələnir,

Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!

San bilirsən ki, mənim təkcə cənub dərdim var,

Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!

Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,

Deyirəm, car çəkirəm canlara candır Qarabağ.

Sənə övlad kimi sadiq bu Süleymanını sən

Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!

ŞUŞA

Yolları bağlanıb düşüncə daşa,
Baharı dönüncə şaxtalı qışa,
Naxələf satqınlar keçincə başa,
Dizləri qatlandı, yıxıldı Şuşa!

Namərdlər hiylədən toru hörüncə,
Saldıran yağılar alıb girincə,
Məzar sükutuna dalmış görüncə,
Odlara qalandı , yaxıldı Şuşa!

Qəlbindən vuruldu, köksü didildi,
Döyüldü dağ-daşı orden edildi,
Qanla yoğrulmuşdu, sanki ödüldü,
Erməni boynuna taxıldı Şuşa!

Verdik əlimizdən bizim olanı,
Tuş etdik yurduma dərdi, bəlanı,
Ələyib gözlərə falşı, yalanı,
İllərlə lentlərdə baxıldı Şuşa!

Bircə gün qeyd edib işğal gününü,
Sonra unuduruq səsi, ününü,
Riyakar bir tarix biçir donunu,
Böyüyən nəsilə nağıldı Şuşa!

Müəllif: Təvəkkül Goruslu Məmmədov

“Qarabağda” şeiri

Müəllif: Hikmət Ziya.

Qarabağ təbiətin sərvətidir, varıdır,
Azərbaycan yurdunun solmayan gülzarıdır.
Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…
Başqa ətirlə açır qönçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.
Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır,
Hər daşını görənlər dirçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan,
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan.
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Neçə səslər yetirib bu yerlərin havası!..
Doymursan dinləməkdən neçə təzə avazı,
Qulaqdan getmir bu an xoş musiqi sədası.
Bülbültək ötür, hətta sərçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Burda hər kəs qonağa hörmətini bol eylər,
Şirin sözü, ləhcəsi ürəklərə yol eylər,
Dünya gözəllərini qamətilə lal eylər
Beli üzükdən keçən incələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var,
Yetişibdir gör necə incilər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı,
Saflıq çeşmələridir Turşsu, İsa bulağı…
Havası qocanı da gənc edər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

Gözlərinə ağ gələr bu yerdən pay umanın,
Yolunda qurban verər hər bir övladı canın.
Döyünən ürəyidir doğma Azərbaycanın.
Gündüzlər Qarabağda, gecələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.

QÜRBƏT KÖYNƏYİ

Oxsa bu dərdin saçını,
Körpə, dəcəl balan kimi.
Pıçılda bir qulağına,
Doğruları yalan kimi.

Qeyrət də çırpıb qapını,
Adını süpürüb, gedib.
Nə yaxşı ki, son gedişdə
Üzünə tüpürüb, gedib.

Havalar ta istiləşir,
Çıxar olmayan papağı.
Birdən səni kişi bilib,
Soruşarlar Qarabağı…

Ömrü Ağdam şərabı tək,
Bala-bala çək başına.
Təsəlli ver öz-özünə:
“Mən neyləyim tək başına?!.

Eynimde qurbet koyneyi,
Her gun tezelenir,veten.
Sairler oz derdi ile
Bele mezelenir,veten!

Əynimdə qurbət koynəyi,

Hər gun təzələnir,vətən.

Sairlər oz dərdi ilə

Belə məzələnir,vətən!

Müəllif:  Balayar Sadiq

Həsrət qaldığım


Otuz il bahara həsrət qaldığım.
Bugünkü günümə təzə yaz gəlir.
Habilin əlində nurlu bir kaman.
Ədalət qoynunda qara saz gəlir.

Ağrı ürəyimdən üzülən kimi,
Sevincim yollara düzülən kimi,
Dağların gqoynundan süzülən kimi,
Tökülüb gözümdən bir Araz gəlir.

Gün kimi saralıb batdığım kimi,
Gizli arzulara çatdığım kimi,
Körpə beşiyində yatdığım kimi,
Acılı günlərim mənə naz gəlir.

Büllur bulaqlarım coşub çağlayır
Ay Aral, könlümü yaman dağlayır.
Zəlimxan ah çəkir, Vaqif ağlayır.
Durulub Kür çayı nə dayaz gəlir.

ŞUŞA  MÖVSÜMÜ

Tut bu səbrin yaxasından,
Vur o daşa, vur bu daşa.
Bir sətir Şuşa ətri səp,
Ruhunda donan savaşa.

Qəlbindən bir dağ boylanır,
Qeyrət gəzsin qoy o dağda.
Qanını sürt gözlərinə,
Güllər açsın Qarabağda.

Hünəri çixar köynəkdən,
Qala qisas ocağını.
Arzusu üşüyənlərə,
Aç ümidin qucağını.

Güllə səsi gülə – gülə,
Qoy sinəndə qapı açsın.
Düşmən görsün cürətini,
Ölümünü qapıb qaçsın.

Şükür,zəfər qoxuludur,
Şəhidlərin təbəssümü.
Qalıbdır gözü yollarda
Könlümün ŞUŞA mövsümü !

Müəllif: Ülkər Nicatlı

Öc aldı Qarabağ

Muğam dünyasının anası qaldı,
Cabbarın, Üzeyirin sədası qaldı,
Atalar könlünün duası qaldı,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

İlham da, kaman da, tar da ordadı,
Zirvə də, boran da, qar da ordadı,
Könlümə bəslənən yar da ordadı,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Kamandar çaldığı saza həsrətəm,
Kəlbəcər yurdunda yaza həsrətəm,
Körpə beşiyində naza həsrətəm,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Qarabağ elləri azad olundu,
Şəkidən Şirvana körpü salındı,
Şuşa şəhərində zəfər çalındı
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Füzuli babamı yada saldılar,
Qorqudun sazıyla ”Misri” çaldılar,
İsa bulağında qonaq qaldılar,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Zəngilan körpüsü açıldı bu gün,
Ağdama işıqlar saçıldı bu gün,
Düşmənin ordusu qaçıldı bu gün,
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

Atalar ağlayıb saçını yoldu,
Ay Aral, zirvələr dumana doldu,
Bu həsrət sinəmdə otuz il oldu
Öc aldı Qarabağ, alındı Laçın,
Anamın bağlanan qolların açın!

YALANÇI   ŞƏHƏR


Səndən xəbərsizik gör neçə ildı,
Gözlərin yollara dikili qalıb.
Qaçıb gələrdınmi, ayağın olsa.
Qolların qoynunda bükülü qalıb.

Bəlkə ayağını özün kəsmisən,
Atib gəlməyəsən bezib ağrıdan.
Bizim yollarimiz kəsilməyib ki…
Kəsik ayaqlardı ürək ağrıdan.

Ayaqlar kəsildi, cığırlar itdi,
İtmiş cıgırlarla qalandı Şuşam.
Ayağın olsaydı yenə gəlməzdin,
Yalandı, yalandı, yalandı, Şuşam.

Müəllif: Sehran Allahverdi


Laçın


Gözün aydın ay Laçın,
Gözün aydın,Həkəri!
Bəzən geri dönürmüş
Tarixin də təkəri.

Otuz il əsir qaldın
Namərdlərin əlində.
Quşların oxumadı
Azərbaycan dilində.

Gedəndə yandırdılar-
Erməni kələyidi.
Yox,yanan evlər deyil,
Düşmənin ürəyidi!

Onlar itilən kimi
Təbiət cilvələndi.
Göy meşələr oyandı
Günəşdən nur ələndi.

Dağkeçisi tullandı
Ən hündür qayalıqdan.
Tülkü cölxoruzunu
Marıtlayıb bayaqdan.

Yenə də sığışmadı
Yatağına Həkəri.
Min ildi beləcədi
Hayqırtısı,ləngəri!

O alp cəmənliyində
Vələslər qırçın kimi.
Evlərin dağ başına
Qonubdu Lacın kimi.

Külək zümzümə deyir
Rəqs eləyir ağaclar.
Eləbil bir birinə
Nəsə deyir ağaclar.

Deyəsən Məhəbbətdi,
Pəsdən,zildən oxuyur.
Ona görə çəmənlər
Belə gözəl qoxuyur

Qızılboğaz zirvəsi
Bir çələngə bənzəyir.
Sinəsində binələr
Çərpələngə bənzəyir.

Gözün aydın,gözəlim!
Gözəlliyin qayıtdı.
O sıldırım dağların
Düzənliyin qayıtdı.



Kəlbəcərdən qovulan erməni



Səni necə çağırım,
Bir azca üzüsulu?
Bəlkə Əhrimən deyim.
Şər allahının qulu?!

Çiynindəki baş deyil,
Naxələf kəlləsidi.
Kəlbəcərin çörəyi
Burnundan gələsidi.

Yox, allah yaratmayıb,
Siz Şeytanın itləri.
Sizə nə eləmişdi
Kəlbəcər məscidləri?!

Adam bir iş görəndə
Düşünər balasını.
Niyə tar- mar etdiniz
Gözəl Lök qalasını?

Sənin dinin ,zadın yox,
Ulama,kəs səsini!
Yandırdın Çərəndarda
Həsən Camal kilsəsini.

Yaxşı yadında saxla,
Bu ürək sözlərimi:
Qalaboynu,Uluxan
Kor etdi gözlərini.

Qorxmadınmı onların
Göyə qalxar ah zarı.
Qəfil sıcrayıb durar
Zarda türk məzarları?!

Kəsdin göy meşələri
Əzdin son körpəsini.
Dağıtdın Tərtərimin
Tağlıdaş körpüsünü.

Gördüyün bu Kəlbəcər
Müqəddəsdi əzəldən.
Onu belə sehrli
Yaradıbdı düzəldən

Bircə dağın daşından
Min divar hörmək olar
Camışçı zirvəsindən
Dünyanı görmək olar.

Burda hər daş,hər qaya
Xatırladır ərləri.
Qəbirlərin üstündə
At və qoç heykəlləri.

Baş əymədi yağıya
Ər oğlu,ər Kəlbəcər
Dağlarının üstü göl,
Altı gövhər Kəlbəcər.

Meşəsində palıddan
Polad kimi qolu var.
Alagöllər,Qara göl,
Gözəl Zalxa gölü var.

Nə görsən həmin saat
Ona quyu qazarsan.
Sənin ürəyin yoxdu
Ayaqüstü məzarsan.

Qoy bu dünya tanısın
Sənin əsil üzünü.
Yer Kürrəsi qorusun
Bu millətdən özünü!

Ağdamım, ağ şəhərim

Gözlərin aydın olsun,
Ağdamım, ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!
 
Hər oğlun bir qəhrəman –
Nə gizlədim, nə danım!
Allahverdi Bağırov –
İgidim, pəhləvanım.

Görəydiniz bu günlər
Ordumuz nəyə qadir!
Faiq, Rövşən, Canbulaq,
Asif, Baxşeyiş, Nadir!

Muxtar, Əlabbas, Fazil,
Ay Hidayət, İxtiyar.
Sizdən sonra nə qədər
Yeni qəhrəmanlar var.

İti-qurdu qovmuşuq,
Ağdamın ortasından!
Qisasınız alındı,
Xalq qurtardı yasından!

Qələbəni görmədi
Famil Mehdi qardaşım.
Yəqin bu gün tərpəndi
Şahmarın da baş daşı.

Əziz Rafiq Əliyev,
Çağır gəlsin Xudunu.
Qoy töksün ekranlara
Ürəyinin odunu.

Otuz ildi bu şəhər
Darda qaldı, ay bala.
Bəs, bu Ceyhun Mirzəyev
Harda qaldı, ay bala?!..

Nə durmusan ay Rəmiş,
Gitaranı alsana!
Ramiz kişi, o tarı
Bir ürəkdən çalsana!

Elman da yavaş-yavaş
Dindirər kamançanı.
Belə bir ansambla
Yer üzündə tay hanı?

Qədir bir qıyya çəksin,
Qoy diksinsin Səxavət.
Arif  pəsdən oxusun,
Bir də gözəl Nəzakət.

Qoy kor qoysun düşməni
Mənsumun məlahəti!
Oyansın Məcid kişi,
Güldürsün bu milləti.

Gözlərin aydın olsun,
Ağdamım, ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!

Zahid XƏLİL
Filologiya elmləri doktoru, professor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button