Heydər Əliyev haqqında inşa

Azərbaycanın dahi oğlu Heydər Əliyev həyat və fəaliyyətini müstəqil Azərbaycanın yaradılmasına və inkişafına həsr etmişdir. O hələ sovet Azərbaycanının rəhbəri olduğu vaxt da da vətənimizin iqtisadiyyatının dirçəlməsinə çalışmışdı. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, elm və mədəniyyətin inkişaf etdirilməsinə böyük diqqət ayırmışdı. Vətənimizdə yeni fabrik və zavodlar açılırdı. Tikinti və abadlıq işləri aparılırdı. Beləliklə də, yeni iş yerlərinin açılması təmin edilirdi. 

Heydər Əliyev hadisələri düzgün qiymətləndirən böyük dövlət xadimi idi. Tarixi hadisələrin axarını hələ bir neçə on il əvvəl müəyyən edə bilirdi. Ona görə də məhz ötən əsrin 70 – ci illərindən başlayaraq o, gələcək müstəqil Azərbaycanın təməlini qoyurdu. 

Heydər Əliyev hələ o illərdən vətənimizin gələcəyini düşünərək milli siyasət yeridirdi. Azərbaycan dilinin, milli adət-ənənələrin qorunması, milli kadrların hazırlanması hər zaman onun diqqət mərkəzində olub. Yüksək vəzifələrdə azərbaycanlıların çalışmasını istəyən Heydər Əliyev bizim gənclərin xaricdə, Sovet İttifaqının ən böyük təhsil ocaqlarında təhsil almasını təmin edirdi. 

Heydər Əliyevi narahat edən məsələlərdən biri azərbaycanlı hərbi kadrların çox az olması idi. Çünki hələ çar Rusiyası dövründə azərbaycanlıların azadlıq eşqinin məhv edilməsi üçün gənclər hərbi xidmətə cəlb edilmir, onlara mübarizə əzmini unutdurmağa çalışırdılar. Bu siyasət sovet höküməti dövründə də davam edirdi. O, bunu dərk edirdi və gələcək faciələri duyaraq məqsədli tədbirlər gördü. Heydər Əliyevin səyi nəticəsində bu müstəmləkəçi siyasətə zərbə vuruldu. O, çox çətin maneələri dəf edərək general Cəmşid Naxçıvaniski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda azərbaycanlı gənclərin Sovet İttifaqının digər hərbi məktəblərində oxuması üçün tədbirlər gördü. Tarixçi alim Yaqub Mahmudlu öz xatirələrində yazır: “Yaxşı yadımdadır 70 – ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə  mən də dəvət olunmuşdum. Heydər Əliyev təhsil nazirini və bir iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəsini çıxışa dəvət etdi. Və ona dərhal sual verdi: – Tələbələr içərisində azərbaycanlılar nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev həmin rəisi çox kəskin məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. Sonrakı il müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə çıxışa dəvət etdi. Heydər Əliyev əvvəlki kimi bu mühüm işin gedişi ilə, xüsusilə azərbaycanlıların faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi. Böyük siyasətçinin dedikləri bugünkü kimi yadımdadır: “Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə  göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər  ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəbini bitirənlərin götürürlər. Bu məsələ olə maraqlandım. Aydın oldu ki, SSR-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsız?! “

Azərbaycanın tarixində ağrılı-acılı çox hadisələr baş verib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi, vətən torpaqlarımızın 20 faizi işğal olundu, Azərbaycanın iqtisadiyyatı dağıldı, elm və mədəniyyətimiz durğunluğu məruz qaldı. 

1993 – cü ilin iyun ayı idi. Azərbaycan tarixinin ən çətin dövrlərindın birini yaşayırdı. Torpaqlarımız işğal edilmişdir. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Müxtəlif siyasi və hərbi qruplaşmalar arasında gedən daxili mübarizə respublikanı süquta doğru aparırdı. Bu zaman tarix səhnəsinə yenidən Heydər Əliyev çıxdı. Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Bu qayıdış zülmətə, qaranlığa bürünmüş məmləkətə günəşin doğması idi. Bu itirilmiş ümidin, sınmış inamın təntənəsini idi. Beləliklə, 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş günü kimi daxil oldu. Onun böyük dövlətçilik təcrübəsi xalqı yeni faciələrdən qorudu. Bundan sonra yeni Azərbaycanın  qurulmasına başlandı. 

Heydər Əliyev ilk dəfə sübut etdi ki, zamanın böyük məsələrini böyük dövlətlər deyil, böyük siyasi xadimlər həll edir. Kiçik dövlətlərin böyük rəhbərləri öz dövlətini istənilən böyük dövlətlərlə tərəfdaş edə bilər. Ulu öndərin müdrik daxili və xarici siyasəti ölkəmizi böyük dövlətlərin strateji tərəfdaşına çevirdi. Bütün dövrlərin ən böyük iqtisadi layihələrdən biri olan “ Əsrin müqaviləsi” bunun sübutudur. 1994 – cü ilin sentyabrında Azərbaycan Respublikası ilə dünyanın ən nüfuzlu ölkələrini təmsil edən neft şirkətləri arasında saziş imzalandı. “Neft strategiyası”nın əsası qoyuldu. Bu, adi saziş deyildi. Bu, iqtisadi inkişafımızın təməli müstəqilliyimizin təminatı idi. Türk – islam birliyini möhkəmləndirmək üçün Heydər Əliyev qardaş türk – islam dövlətləri ilə əlaqələri möhkəmləndirdi. Dünyanın bütün ölkələri ilə əməkdaşlıq münasibətləri yaradıldı. Tarixi qonşularımız olan Rusiya və İranla əlaqələr sahmana salındı. Gürcüstanla mehriban qonşuluq münasibətləri möhkəmlındirildi. Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində dünya birliyi Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasının və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. 

Daxili və xarici siyasət sahəsində əldə edilən uğurlar dünya azərbaycanlılarının milli hüquqlarının qorunmasına şərait yaratdı. Ulu Öndər dünya azərbaycanlılarının milli birlik rəmzi idi. Məhz onun təşəbbüsü ilə 2001 – ci ilin noyabrında Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu, milli birlik tariximizin yeni mərhələsini başlanğıcı oldu. Dünya azərbaycanlıları ilk dəfə bir araya gətirildi. Qüdrətli Azərbaycana gedən yolun bütün azərbaycanlıların milli birliyindən keçdiyi sübut olundu. 

Dahi şəxsiyyət uca bir dağa bənzəyir. Ondan uzaqlaşdıqca onun əzəməti və qüdrəti daha aydın görsənir. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti də belədir. Hər gün, hər ötən illər onun qüdrətinin nə qədər böyük olduğunu sübut edir. Təsadüfi deyildir ki, Heydər Əliyev “bütün dövrlərin böyük siyasi xadimi “ kimi dəyərləndirilmişdir. 

Ulu Öndərin gəncliyində bir arzusu olmuşdu. Onun arzusu memar olmaq idi. Lakin o, peşəkar memar ola bilmedi. Siyasi memar oldu. Onun “şah əsəri “isə müstəqil Azərbaycan oldu. Qüdrətli Azərbaycan. Gücümüzün, qüdrətimizin mənbəyi olan  Azərbaycan dövləti yaşadı və möhkəmləndi. 

Ulu rəhbər Ata Yurdumuzu, doğma xalqını canından artıq sevirdi. O, həmişə deyərdi: “Fəxri edirəm ki, mən azərbaycanlıyam! “

Doğma xalqını işıqlı gələcəyə qovuşdurmaq üçün gecəsini gündüzünə qatan, daim hiyləgər düşmənlərlə çarpışan dahi rəhbər Vətən yolunda, xalq yolunda bütün gücünü əsirgəmədi. 2003 – cü ildə ulu rəhbər xəstələndi. O, Amerikanın Klivlend şəhərində müalicə olunurdu. Bu zaman ölkəmizdə yeni prezident seçkiləri keçirilməli idi. Xalq 30 ildən artıq ona rəhbərlik etmiş, Vətəni dəfələrlə ağır sınaqlardan xilas etmiş sevimli rəhbərdən ayrılmaq istəmirdi. Lakin Vətənin mənafeyini daim uca tutan müdrik rəhbər xalqın tələbinə müsbət cavab verməyə tələsmirdi. Ata Yurdumuz narahatlıq içərisində idi. Prezident kürsüsünə can atanlar çox idi. Lakin tükü tükdən seçən xalqımız tərəddüd etmədən bir nəfərin üzərində dayandı. 2003 – cü ilin prezident seçkilərində İlham Əliyev qalib gəldi. 

2003-cü il dekabrın 12 – də Heydər Əliyev Amerikanın Klivlend xəstəxanasında əbədiyyətə qovuşdu. Bütün türk xalqları matəm içərisində idi. Bu gün Heydər Əliyevin Bakı şəhərində Fəxri xiyabandakı məzarı xalqımızın və ölkəmizə gələn bütün qonaqların müqəddəs ziyarətgahlna çevrilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button