Romantik şeir❤️
Romantik şeir toplusu saytımızda təqdim olunur. Azərbaycanda sevgiyə a şeirləri adətən Nüsrət Kəsəmənli yazmışdır. Azərbaycan ədəbiyyatında daha çox vətən, millət, ana dili ilə bağlı şeirlər çox olsa da, romantik şeirlərə nisbətən bu mövzuda daha azdır deyə bilərik. Lakin günümüzdə çox gözəl sevgi şeirlərinə rast gəlmək mümkündür.
Ayrılmayaq(Rəsul Rza)
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan:
mənəm, xəyalındır, bir də kədərdir.
Gəl, ört pəncərəni, qalaq üz-üzə,
bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran – dənizə
ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətlə biz
döysün qapıları külək doyunca.
Döysün, qoy açmayaq. Yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq!
Bir an vüsalınla çırpınsın ürək.
Sonra… sonra yenə biz ayrılmayaq!
Ona şeiri
Müəllif: Nüsrət Kəsəmənli
Yollar darlıq edir ayaqlarıma,
Ürəyim uşaqtək kövrələcəkdir,
Toxundur əlimi barmaqlarıma,
Əllərin çiçəyə çevriləcəkdir.
Məndən istəsəydin əgər eşqini,
Dünyamı bir həzin nəğmə edərdim.
Bir gün Puşkin kimi, Lermontov kimi.
Səninçün dueldə ölsəm nə dərdim.
Təsadüf qəribə işlər görürmüş,
Bir səhər bir eşqin əvvəli imiş,
Ürək sevməz dedim, demə sevirmiş,
Məhəbbət ağılda qüvvəli imiş.
Dənizəm səndədir sahilim mənim,
Bilirəm sahillər qayasız olmaz.
Çağır uşaq kimi yüyürüb gəlim
İstəsən həsrətdən nişanə qalmaz.
Od idim, gözümə sovruldu külüm,
Ömrüm niyə belə düşdü çətinə,
Keçmiş həyatımı bağışla, gülüm,
Sənə sonsuz olan məhəbbətimə.
Həqiqət şeiri
Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.
Yeri düşsə qum göyərər, daş çıxar,
Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.
Sən doğru de, söyləməmiş başqası,
Söküləcək yalanların maskası,
Qiyməti də artıq olar daş-qaşın
Köhnə, nimdaş palanların içində.
Sovrulacaq bir gün hədər yalanlar,
Öz xeyrini ancaq güdər yalanlar,
Ölülərlə ölüb gedər yalanlar,
Doğru yaşar qalanların içində.
Yalan deyib, gizli-gizli öyüyüb,
Hər yalançı təsəlliyə keyiyib,
Doqquzaylıq bir həqiqət böyüyüb
Saçlarını yolanların içində.
Mən könlümü həqiqətə vermişəm,
Qapısını açıq görüb, girmişəm.
Həqiqəti mən təzə-tər görmüşəm,
Ömrü-günü solanların içində.
Kölgəsinə mahal yığar qoca tut,
Sən üzünü doğru üçün borca tut,
Həqiqətin bayrağını uca tut
Yalan deyən nadanların içində.
QƏRİB ELDƏ YUXU ŞEİRİ
Yuxuma gəldiniz,
a gül balalar,
Dünən ayrılmışdıq,
darıxdım bu gün.
Övladçün odlara girər analar,
Ata məhəbbəti ölçülən deyil.
Öpüb oxşayıram əllərinizi,
Göylər buludları döşəyib yerə.
Ananız həyətə buraxmır sizi,
Necə gəlibsiniz bu qərib yerə?!
İçimdə çatlayıb korun bir ocaq,
Həsrətim kor olub tüstümə mənim.
Dedim, təyyarətək balam uçacaq,
Qol açıb gələndə üstümə mənim.
Qəriblik cücərdi yenə yolumda,
Darıxdım…
Bu nisgil qəlbimi sıxdı,
Bir boşluq dayanıb qapı dalında,
Qapını üzümə açanım yoxdu…
Simurq qanadında gəldiniz, nədi?!
Səbrimin kasası dolub, qadası,
Sizin balıncınız qollarım idi,
Yuxunuz balıncsız qalıb, qadası.
Ürəyim gözümdən boşaldı mənim,
Əliniz gözümün dəsmalı idi,
Buludu göylərdə qovurdu səsim,
Ulduzlar yuxumu yozmalı idi.
Oyandım…
Nəm idi balıncın üzü,
Hələ gözümdəydi yuxunun çini,
Ana hədəsimi qovmuşdu sizi?
Uçdunuz üstümə kəpənək kimi…
Yuxuma gəldiniz, a gül balalar,
Necə şirin idi,
Bu yuxu necə!
Yaxşı ki, həsrətin yuxu yolu var,
Yüyürüb yuxuma gəlin hər gecə!.
Yağış yağır, sevgilim.(Azər Şirin)
Yağış yağır, sevgilim…
Tökülən hər damlasında sənin səsin
Bəzən şıltaqlıq həvəsin… Yağır yenə üz-gözümə
İslanıram istəyinin dənizində,
Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir…
Yağış yağır, sevgilim…
Səsin gəlmir qulağıma, darıxıram
Pəncərədən boş yollara hey baxıram…
Qorxuram ki, ürəyini sındırmışam
Bəlkə biganə qalmışam..?
Axı necə inandırım, hər kəlməmdə onun adı
Həm suyumda, çörəyimdə onun dadı..!
Unutmağı unutmuşam onun üçün
Bəs görəsən susur telefonum neyçün..?
Yağış yağır, sevgilim…
Uşaq kimi kövrəlmişəm
Qollarında uyuyardım mən bu gecə
Ətrinlə sərxoş olardım, bilsən necə…
Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!
Öpüşərdik gözümüzü yumub yenə
Toxunardı barmaqlarım köynəyinə..!
Saniyəni öldürərdik, dəqiqəni basdırardıq,
Saatlara hökm verib asdırardıq
Bu sevgiylə biz istəsək lap cahanı susdurardıq, inan mənə..!
Sən susmasan…
Bəlkə bu gün son günümdür
Onun üçün istədim ki, bircə kəlmə deyim sənə
Bilirəm ki, sən sevirsən
Yağış yağır, sevgilim…
Sevirəm ilk eşqim sevirəm səni
Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.
Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.
Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.
Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Yoxdusa şeiri
Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .
Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi , nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .
Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .
Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu , yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .
Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə – görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Səndən tikə böləcəyi yoxdusa .
Demə mənə : nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa …
Görmədim (Rəsul Rza)
Çox gözlərə baxdım
səmavi, siyah,
qonur gözlərindən qəşəng
görmədim.
Bağlarda gül azdı,
dağlarda lalə,
dodaqların kimi çiçək
görmədim.
Hərcayi insanlar çox vədə verdi,
onlarda saf ürək, dilək
görmədim.
Çox qumaşa baxdım,
atlaza baxdım,
qumral sazın kimi ipək
görmədim.
Ürəklərə baxdım,
bir sərraf oldum,
qəlbin kimi böyük ürək,
görmədim.
Yer salıb könlümdə sağalmaz izi,
varmı bir qüvvət ki,
ayırsın bizi?
Sənin gözlərin (Mikayıl Müşfiq)
Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
O qara gözlərin deyil parlayan,
Ulduzlar içimdə gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan,
Bir sərin,ziyalı,yaz səhərimdir.
Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım ruhumun şən işıqları
Qəlbimin camında qırılmasaydı.
Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan,gah qapayırsan?
Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
Sevirəm səni
Xəyallarımda hər zaman sən yaşayacaqsan.
Əvəzsiz bir sevgili yarım olacaqsan.
Yalnız sən mənimsən, mənə qalacaqsan.
Ağrılı qəlbimin sən ey sevgilim,
Loğmanı, dərmanı, tək yarı, sən olacaqsan!
Sən mənə göylərdə uçan mələksən,
Ağrılı qəlbimdə açan çiçəksən.
Ruhumda, ruhunu sevibdir sənin,
Ağrılı qəlbimi sağalt sən mənim.
Yalnız sənə ehtiyacı var sevən qəlbimin!
Sevmişəm, sevirəm, sevəcəm səni.
Elə hey, həsrətdə saxlasan məni,
Vermərəm əlimdən yadlara, vermərəm səni.
İndi dəli divanə etmisən, gülüm sən məni
Röyalarımda, yaşadacam hər zaman səni!