8 Noyabr aid şeirlər

8 Noyabr ölkə tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Bu gün Azərbaycan II Qaraba müharibəsində qələbə qazandı. Doğma Şuşamız bu gün azad olundu. 2020-ci ilin başlanğıcı ölkəmiz üçün yaxşı olmasa da, sentyabr ayından yeni bir tarixin vərəqlərini yazmağa başladıq. 8 Noyabr 2020-ci il Azərbaycanın Zəfər Günü oldu. Bu günü bütün azərbaycanlılar böyük qürur hissi ilə qeyd edir.

8 NOYABR

8-i Noyabr Şuşa günüdü
təqvimdə düzəliş.
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.

8-i Noyabr
duaların qəbul olunduğu,
Tanrı lütfünün yerə endiyi gün,
Şəhid ruhlarının
bayraqlıq parçadan
bayram paltarı geyindiyi gün.

8-i Noyabr
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,ya inandığım!

QƏLƏBƏ MÜJDƏSI ŞEİRİ

Müəllif: Rahil Məmməd

Gül, ey Azərbaycan, gözlərin aydın,
Əzildi zəhərli ilanın başı!
Analar, bacılar, ağı deməyin,
İndi qismətimiz sevinc göz yaşı!

Ey Şuşam, bir daha gözlərin aydın,
Sənə sahib çıxdı mərd oğulların.
Adını tarixə yazdı hünərlə,
Dosta dost, düşmənə sərt oğulların!

Gözəl Qarabağım, eynin açılsın,
Sən artıq deyilsən düşmən tapdağı.
İndi al qoynuna zirvələrində,
Ulduzlu, hilallı üçrəng bayrağı!

Haçandır qoynundan uzaq düşmüşdük,
Səninlə həsrətin otuzdur yaşı.
Hüsnünü görməyən fidan oğullar
Uğrunda qan tökür, şirtək savaşır!

BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN ŞEİRİ

Müəllif: Adilə Nəzər

Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!

Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!

Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin “qəlbişüşənin”,
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!

Həsrət bitdi Qarabağ

Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.

44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.

Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.

Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.

Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.

Zəfər Himni ( Elxan YURDOĞLU)

Birini də mənə ver, qardaş, o silahlardan,
Qoy oğlum görsün məni – vətənçün silahlanan.
Dünənədək tutduğu qələmi silah sanan
Şair bu gün əsgərlə yan-yana dayanmalı,
Çiyin-çiyinə durub, can cana dayanmalı.

Bir ölsək min dirilək, yüz ölsək milyon olaq,
Bir manqa qeyrətiylə coşub batalyon olaq.
Biz zəfər yürüşündə lap ölsək də, son olaq,
Bizdən sonra gələnlər yaşasın qürur ilə,
Ey şəhid övladları, dur, bu xalqı müjdələ.

Mübarizin yazdığı məktuba cavabam mən,
Öldürmək günah, amma bu yolda savabam mən.
Yaramdan qan axsa da, sanmayın bitabam mən,
Gücüm yetər can üstə dirçəlib can almağa,
Tökülən qana qarşı qanmazdan qan almağa.

Nə qürurlu mənzərə – düşmən üstə tank gedir,
İlahi ədalətdir – haqsız üstə haqq gedir.
Ordunun arxasınca yumruq olan xalq gedir,
Selə dönən bu xalqın axınını kim saxlar,
Qığılcıma bənddilər – şimşəktək çaxacaqlar.

Ey səngər oğlu əsgər, mən də sənin əsgərin,
Əmr elə, əmrin ilə düşmənə sinə gərim.
Darmadağın eləyim, leşi leş üstə sərim,
Bəsdi, səbr edib dözdük, səbrin daşan vaxtıdır,
Qanımızın qisasçün artıq coşan vaxtıdır.

Füzuli sevdasında, Cəbrayıl eşqindəyik,
Kəlbəcər, Laçın üçün can vermə məşqindəyik.
Bu gün xəbər gəlsin ki, Xankəndi köşkündəyik,
Zəngilan, Qubadlıdan keçsin zəfər yolları,
Bülbülə naz eləsin xarıbülbül kolları.

Sarsın yaralarını Ağdamım, Xocavəndim,
Xocalını doyunca qucaqlayım… kövrəldim.
Ayaq səslərimizdən gülsün yüzlərlə kəndim,
Əsgəran, Ağdərədə türkün səsini duyam,
Xanın avazındayam – Şuşa havasındayam.

Hayına Naxçıvandan, Bakıdan ərlər gələr,
Qazax, Quba, Lənkəran, Şəkidən nərlər gələr.
Kişilərin yanında xanım əsgərlər gələr,
Yetər ki, haqq yürüşün zəfərlə müjdələnsin,
Dörd tərəfin üçrəngli bayrağımla bəzənsin.

Zəfərlərin müjdəsi Aprel zəfəri olsun,
Bu savaş ordumuzun zəfər səfəri olsun.
Polad Həşimovun da bundan xəbəri olsun,
General şəhidimin yerdə qalmasın qanı,
Artıq sevinən görək bütün Azərbaycanı.

Bu, vətən savaşıdır, bu, torpaq savaşıdır,
Qarabağçün darıxan bir bayraq savaşıdır,
Bu, haqqını istəyən xalqın haqq savaşıdır,
Qoy haqqın uğrunda da canımız olsun fəda,
Hamı bilsin, Qarabağ Azərbaycandır, nida!

Sənə Zəfər yaraşır

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!

Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.

İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!

Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

ƏSGƏR QARDAŞIMA

Can, əsgər qardaşım, salamlar olsun,
Bir məktub yazıram torpaq ətirli.
Vətəndən vətənə arzularımı
Ürəkdən ürəyə sevgi gətirir.

O qırğı gözlərin nə uzaq baxır?
Şuşayamı gedib, yoxsa Laçına?
Qəlbindəki sevgi yetər, igidim,
Qovuşdursun bizi Vətən tacına!

Oyanıb içimdə bütün duyğular,
Gün boyu xəyallar qurur ürəyim.
Elə unudulub bütün qayğılar,
Səngərdə səninlə vurur ürəyim!

Sənlə silah tutub, mərmi atıram.
Səngərdən səninlə birğə çıxıram.
Atdığın gülləyə dönüb bir anda,
Od olub, düşmənə -“Atəş!-sıxıram!

Bu artıq son döyüş, geriyə yol yox!
Tök qanın, sən qala düşmən leşini!
Xocalı yadından çıxmasın sənin,
Namərdə nifrətlə sən sıx dişini!

Kəlbəcər dağları qalanız olsun,
Laçına, Şuşaya gedən yoldasız!
Cəbrayil, Qubadlı, Zəngilan gülür,
Ya bu gün, ya sabah Qarabağdasız!

Qanınla yuduğun azad torpağı
Öpürəm, bağrıma basıram, qardaş!.
Azadlıq qoxulu Vətən bayrağın
Səninlə hər yerə asıram, qardaş!

Arxada millətim, Baş Komandanım,
Bu birlik, bu sevgi əməyin olsun.
Vətən sənə, sən vətənə əmanət,
Ulu Yaradanım köməyin olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button